ABŞ-ın tələbi ilə Lukaşenko onu azadlığa buraxdı - Dövlət çevrilişinə cəhd

Belarusda prezident Aleksandr Lukaşenkoya qarşı dövlət çevrilişi planlaşdırmaqda təqsirli bilinən Amerika vətəndaşı Yuri Zenkoviç ABŞ administrasiyasının tələbi ilə azadlığa buraxılıb. Bu barədə Belarus prezidentinin mətbuat katibi Natalya Eysmont açıqlama verib.

Zenkoviç 2021-ci ildə respublikada hakimiyyəti zorla ələ keçirməyə cəhd etdiyinə görə həbs olunmuşdu. Onun azadlığa buraxılması, görünür, ABŞ hökuməti ilə Minsk arasında qeyri-rəsmi danışıqların nəticəsidir. ABŞ dövlət katibi Marko Rubio bu addımı təsdiqləyərək, “daha bir amerikalı vətəndaşın” Minskdən azad edildiyini bildiriib.

Zenkoviç azadlığa buraxıldıqdan sonra Belarusdakı ONT telekanalına müsahibə verib və özünü “amerikalı hüquqşünas, politoloq və ekspert” kimi təqdim edib. O, müsahibəsində bildirib ki, Vaşinqtonun məqsədi Belarusda rejim dəyişikliyinə nail olmaq və Lukaşenkonu Ağ Evin maraqlarına uyğun bir fiqurla əvəzləməkdir.

Mətbuat katibi Eysmont isə onun “ədalətli və ya ədalətsiz şəkildə həbs olunması” məsələsini ictimaiyyətin ixtiyarına buraxaraq, Zenkoviçin verdiyi müsahibələrə əsasən qərar verilməsini tövsiyə edib. Ekspertlər bu hadisəni Belarus-ABŞ münasibətlərində yeni bir mərhələnin və ya gizli diplomatik sövdələşmələrin əlaməti hesab ediblər.