ABŞ-ın Panama sevgisi - Donanma gəmiləri kanala gətirilir

ABŞ Müdafiə naziri Pit Hegseth Panama kanalının gələcəyinə dair kəskin və iddialı bəyanatla çıxış edib.

"Bizimxeber" bildirir ki, Panamaya rəsmi səfəri zamanı çıxış edən Hegseth deyib ki, Birləşmiş Ştatlar bu strateji su yolunu Çin təsirindən qorumaq üçün bir neçə donanma gəmisini regiona yerləşdirəcək. 

“Çin bu kanalı tikməyib. Çin bu kanala nəzarət etmir və bu kanaldan silah kimi istifadə etməyəcək”, – deyə ABŞ rəsmisi bildirib.  Hegseth əlavə edib ki, Panama kanalı qlobal ticarət və təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyır. ABŞ və Panama birlikdə bu kanalı bütün xalqlar üçün təhlükəsiz və əlçatan saxlayacaqlar. Biz bu işi həmfikir müttəfiqlər və sülh tərəfdarları ilə birlikdə görəcəyik”. 

ABŞ rəsmisinin sözlərinə görə, Çin şirkətlərinin Panamada artan iştirakı casusluq risklərini artırır və bu, ABŞ üçün ciddi narahatlıq doğurur.

Nazir Hegseth Panamanın yeni prezidenti Xose Raul Mulino ilə də görüşüb və tərəflər arasında təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi razılaşdırılıb. Hegseth bildirib: “Siz və işiniz vacibdir. Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi ölkələrimizi daha təhlükəsiz, güclü və firavan edəcək.”

Bu səfər həm də ABŞ prezidenti Donald Trampın Panama kanalı ilə bağlı son bəyanatları fonunda baş verir. Tramp dəfələrlə iddia edib ki, ABŞ kanalın istifadəsinə görə artıq pul ödəyir və Çinin onun əməliyyatlarına təsiri artır. Panama hökuməti isə bu ittihamları qətiyyətlə rədd edir.