ABŞ-ın döyüş təyyarəsi Qırmızı dənizə düşdü

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus çox milyon dollarlıq F/A-18F Super Hornet döyüş təyyarəsi Qırmızı dənizə düşüb. Təyyarənin "Harry S. Truman" təyyarədaşıyan gəmisinə eniş cəhdi uğursuz olub. 

ABŞ mediasının – CNN, Wall Street Journal və digər mənbələrin – verdiyi məlumata görə, iki nəfərlik qırıcı təyyarə eniş zamanı onu yavaşlatmalı olan tutma naqilinə ilişə bilməyib və bu, təyyarənin göyərtədən çıxaraq dənizə düşməsinə səbəb olub.

ABŞ Müdafiə Nazirliyindən adının açıqlanmasını istəməyən bir rəsmi bildirib ki, eniş uğursuz olub. Lakin hər iki pilot təhlükəsiz şəkildə katapultla atılıb və helikopter tərəfindən xilas edilib”.

Bir həftədə ikinci F/A-18 qəzaya uğrayır

Bu, son bir həftə ərzində ikinci F/A-18 təyyarəsinin itkisi kimi qeydə alınıb. Aprelin 28-də eyni təyyarədaşıyandan daha bir F/A-18 dənizə düşmüşdü. Həmin insidentdə bir dənizçi yaralanmış və təyyarəni yedəkləyən traktor da dənizə sürüklənmişdi.

Ötən ilin sonunda isə "Harry S. Truman" üzərində xidmət göstərən başqa bir F/A-18, səhvən USS Gettysburg idarə olunan raket kreyseri tərəfindən vurulmuş və pilotlar yenə də sağ çıxmışdı.

Qəza zamanı fəaliyyətdə olan “Harry S. Truman” ABŞ-ın Yaxın Şərqdə yerləşən iki əsas təyyarədaşıyan gəmisindən biridir. Gəmi hazırda Yəməndəki husilərin bölgədəki ticarət gəmilərinə yaratdığı təhlükənin qarşısını almaq məqsədilə bölgədə hərbi əməliyyatlar həyata keçirir.

ABŞ qüvvələri mart ayının ortalarından başlayaraq, Yəməndəki hədəflərə zərbələr endirib. Bununla yanaşı, Oman hökuməti çərşənbə axşamı bildirib ki, ABŞ və husilər arasında atəşkəs barədə razılıq əldə olunub.