ABŞ hakimiyyəti Zukerberqi İnstaqramı satmaqla hədələyir

ABŞ Federal Ticarət Komissiyası (FTC) texnologiya nəhəngi Meta şirkətini inhisarçılıqda ittiham edib. Komissiyanın iddiasına görə, Meta-nın 2012-ci ildə Instagram, 2014-cü ildə isə WhatsApp platformalarını alması, rəqabəti boğmaq məqsədi daşıyıb.

"BX LiveBLOG" bildirir ki, FTC -nin iddiasına görə, şirkətin rəhbəri Mark Zukerberq rəqibləri ilə mübarizə aparmaq əvəzinə, onları sadəcə satın alaraq rəqabəti aradan qaldırmaq yolu tutub. Bu iddialar Zukerberqin keçmiş yazışmaları – o cümlədən Instagram-ın alınmasını təklif etdiyi e-poçtlar – əsasında qurulub.

Məhkəmə prosesi artıq başlayıb və işə andlılar heyəti baxmayacaq. Meta isə ittihamları rədd edir. Zukerberq bildirib ki, şirkətin əsas rəqibləri törəmə platformalar deyil, TikTok, Snapchat, Reddit və LinkedIn kimi qlobal texnologiya oyunçularıdır.

FTC Meta-ya qarşı ilk iddianı hələ 2020-ci ildə qaldırmışdı. Lakin həmin iddia tezliklə rədd edilmişdi. Komissiya indi prosesi yenidən bərpa edib və daha sərt tədbirlər tələb edir – o cümlədən Meta-nın yenidən qurulması.

Maraqlıdır ki, bu hadisələr fonunda Mark Zukerberqin Vaşinqtonda 23 milyon dollara malikanə aldığı da bildirilir. Məlumatlara görə, milyarder bu addımı ABŞ prezidenti Donald Trampla yaxınlaşmaq məqsədilə atıb.