Rusiya və Ukrayna arasında üç ildən sonra ilk dəfə keçiriləcək birbaşa danışıqlara saatlar qalmış, ABŞ Dövlət Katibi Marko Rubio danışıqların təşkil olunacağı İstanbula gəlib.
"Bizimxeber" bildirir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb.
Diplomatik mənbələrin verdiyi məlumata görə, danışıqlardan əvvəl Türkiyə, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında ayrıca görüş keçiriləcək. Daha sonra isə Rusiya, Ukrayna və Türkiyə nümayəndə heyətlərinin üçtərəfli görüşü Moskva vaxtı ilə saat 12:30-a planlaşdırılıb.
ABŞ rəsmisinin İstanbula səfəri, danışıqlara beynəlxalq dəstəyin təmin olunması və vasitəçilik səylərinin gücləndirilməsi baxımından əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Marko Rubio bir neçə gün öncə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən G7 Xarici İşlər Nazirlərinin Toplantısından sonra Türkiyəyə yola düşüb.
Danışıqlara dair təşəbbüs Rusiya prezidenti Vladimir Putin tərəfindən irəli sürülüb. O, mayın 15-də Ukraynaya İstanbulda ilkin şərt olmadan birbaşa danışıqların bərpasını təklif edib. Putin danışıqların atəşkəsə dair razılıqla nəticələnə biləcəyini istisna etməyib. Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski rəhbərlik edir. Heyətdə həmçinin Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin, Silahlı Qüvvələrin Baş Qərargahının Baş İdarəsinin rəisi İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin yer alır.