Amerika Birləşmiş Ştatlarında tələbə vizalarının gözlənilmədən və əsaslandırılmadan ləğvi, Harvard, Stanford, UCLA kimi prestijli universitetlərin kampuslarında narahatlıq və qeyri-müəyyənlik yaradıb. Son aylarda artan bu hallar həm mövcud tələbələri, həm də yeni məzunları hədəfə alıb.
Təhsil müəssisələrinin rəhbərliyi bildirir ki, vizaların ləğvi halları tez-tez yalnız federal immiqrasiya sistemindəki məlumatlar yeniləndikdən sonra universitetlər tərəfindən aşkar olunur. Hökumət isə bir çox halda məktəblərə birbaşa məlumat belə vermir.
Harvard universiteti bildirib ki, hazırda üç tələbəsi və iki yeni məzunun vizası ləğv edilib. Oxşar hallar Stanford, Dartmouth, UC Berkeley, Arizona Dövlət Universiteti və bir çox başqa təhsil ocaqlarında da qeydə alınıb. Vizaların ləğvi, prezident Donald Trampın immiqrasiya siyasətinin davamı kimi görünür. Dövlət katibi Marko Rubio, ötən ay şəxsi göstərişi ilə 300-dən çox vizanın ləğv edildiyini, əksəriyyətinin isə tələbə vizası olduğunu açıqlayıb. Bu addım, ABŞ-da beynəlxalq tələbələrə qarşı artmaqda olan nəzarət və təzyiqin bir göstəricisidir.
Los Angeles Times yazır ki, təkcə Kaliforniya ştatında UCLA, UC Davis, UC San Diego və UC Santa Cruz da daxil olmaqla onlarla tələbənin vizası ləğv olunub. İki tələbə artıq Los-Ancelesdə federal məhkəməyə müraciət edərək statuslarının qanunsuz ləğv edildiyini iddia edib.
Yeni qaydalara əsasən, ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətləri (USCIS) xarici tələbələrin və immiqrantların sosial media fəaliyyətlərini araşdıraraq, antisemit məzmunlar və ya "zorakılığı təşviq edən" paylaşımlara əsasən viza və ya yaşamaq icazələrini ləğv edə bilər.
Bu addım xüsusilə Fələstin tərəfdarı tələbə fəalların – Mahmud Xəlil və Rumeysa Öztürkün – saxlanılması ilə üst-üstə düşür. Onlar antisemitizm fəaliyyəti ilə ittiham olunublar. Vəkilləri isə bu iddiaları qətiyyətlə rədd edir. Hüquq müdafiəçiləri və tələbə hüquqlarını qoruyan qruplar bu siyasətin söz azadlığına, siyasi etiraz hüququna və bərabər imtiyazlara zidd olduğunu deyirlər. Onlar tələbələrin fikirlərinə görə deportasiya riski ilə üzləşməsini qəbuledilməz və qeyri-konstitusion hesab edirlər.