ABŞ prezidenti Donald Tramp, özünə məxsus “Truth Social” sosial şəbəkəsində Çinə qarşı yeni ticarət rüsumları ilə bağlı araşdırmalar başladacağını açıqlayıb. O, elektronika və yarımkeçiriciləri əhatə edən bütün tədarük zəncirinin qiymətləndiriləcəyini bildirib.
Trampın sözlərinə görə, bu addım milli təhlükəsizlik maraqları çərçivəsində atılır və ABŞ heç bir ölkəyə və ya məhsul qrupuna güzəşt etməyəcək: “Qarşıdan gələn milli təhlükəsizlik tarif araşdırmalarımızda yarımkeçiriciləri və bütün elektronika tədarük zəncirini qiymətləndirəcəyik,” – deyə prezident bildirib.
Tramp əlavə edib ki, müəyyən mal qruplarına istisnalar verilməyəcək, onlar sadəcə başqa bir “tarif səbətinə” keçiriləcək. Prezident, ədalətsiz ticarət balansları və qeyri-monetar tarif maneələri səbəbilə Çinin ticarət siyasətinə sərt yanaşılacağını vurğulayıb: “Heç kim çəngəldən çıxmayacaq,” – deyə o, xəbərdarlıq edib.
Çin tərəfi isə daha əvvəl nadir torpaq maqnitləri və metallarının ixracını məhdudlaşdırmışdı. Bu isə ABŞ üçün kritik əhəmiyyətə malik avtomobil, aerokosmik və yarımkeçirici sənayelərinə təsir edə bilər. New York Times analitikləri qeyd edir ki, Pekin bu addımla ABŞ sənayesinin zərbə altına düşməsinə səbəb ola bilər.
Financial Times analitikləri isə Trampın Çinə qarşı apardığı yeni ticarət strategiyasının nəticəsiz olacağına inanır. Onların fikrincə, bu cür gedişlər ABŞ-ın beynəlxalq etibarlılığına xələl gətirir və nəticədə Tramp ticarət müharibəsində uduza bilər.