ABŞ aldatdı, Ukrayna aldandı, yoxsa? - Nemorandum qalmaqalı

Ukrayna hökuməti ABŞ-la yerin təkindən istifadəyə dair imzalanmış memorandumla bağlı ciddi açıqlama verib. Ukrayna İqtisadiyyat Nazirliyinin rəhbər şəxslərindən biri, nazir müavini Taras Kaçkanın sözlərinə görə, sazişdə Kiyevin hansısa borcu tanıması və ya geri ödəməyə məcbur qalması ilə bağlı heç bir müddəa yer almır.

“Heç kim, o cümlədən ABŞ demir ki, bu borcdur və biz onu qaytarmalıyıq. Məsələ ondadır ki, struktur elə qurulmalıdır ki, fondun fəaliyyətindən və gələcək investisiyalardan tərəflər ən azı göstərilən yardım qədər qazansınlar”, – deyə Kaçka “Rada” telekanalında bildirib.

Nazir müavini əlavə edib ki, Ukrayna və ABŞ faydalı qazıntıların hasilatını nəzərdə tutan bu sazişin ratifikasiya edilməsinin vacibliyi barədə razılığa gəliblər. Sənəd yaxın zamanda Ali Radaya təqdim olunacaq və yalnız təsdiqləndikdən sonra hüquqi qüvvəyə minəcək.

Bu kontekstdə, Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak da çıxış edərək, sənədin konkret hüquqi öhdəliklər daşımadığını bildirib. Onun sözlərinə görə, sənəd cəmi bir səhifədən ibarətdir və daha çox deklarativ xarakter daşıyır. Deputat həmçinin memorandumun tam mətnini də ictimailəşdirib.

Digər tərəfdən, ABŞ Dövlət katibi Marko Rubio-nun son açıqlaması da diqqətdən yayınmayıb. Rubio bildirib ki, Vaşinqton yaxın bir neçə gün ərzində Ukraynadakı münaqişənin sona çatdırılmasının mümkünlüyü barədə qərar verə bilər.

“Ağ Ev üç ildir Kiyevi dəstəkləyir, lakin indi elə bir mərhələdəyik ki, artıq diqqəti başqa istiqamətlərə yönəltmək lazımdır”, – deyə Rubio vurğulayıb.