"7 gün ərzində ABŞ-ı tərk edin!" - ABŞ Ukraynalı qaçqınlara mesajlar göndərir...  

ABŞ-da humanitar proqram çərçivəsində müvəqqəti olaraq yaşayan bir sıra ukraynalı qaçqınlar bu həftə böyük bir təşviş yaşayıblar. Onlara göndərilən rəsmi bir e-poçtda, 7 gün ərzində ABŞ-ı tərk etmələri tələb olunub – əks halda federal hökumətin “sizi tapacaq və ölkədən çıxaracaq" bildirilir

Bu mesajı alan ukraynalılar üçün bu xəbər əsl şok olub.

E-poçtda açıq şəkildə deyilib: “Birləşmiş Ştatları dərhal tərk etməsəniz, Amerika Birləşmiş Ştatlarından çıxarılmağınızla nəticələnəcək potensial hüquq-mühafizə tədbirlərinə məruz qalacaqsınız. DHS humanitar statusunuzu ləğv edir. ABŞ-da qalmağa çalışmayın.”

Ancaq vəziyyətin qeyri-adi tərəfi odur ki, bu rəsmi bildirişlər səhvən göndərilmişdi.

Cümə günü ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) sözçüsü Reuters-ə bildirib ki, heç bir Ukrayna qaçqınına qarşı hüquqi tədbir planlaşdırılmır və sözügedən humanitar proqram tam gücü ilə fəaliyyətini davam etdirir.

Daha sonra həmin şəxslərə düzəliş məktubu göndərilərək bildirildi ki, onların statusu dəyişməyib və ABŞ-da qalmaq hüquqları qüvvədədir.

Bu hadisə, prezident Donald Trampın vəzifəyə qayıtmasından sonra miqrasiya siyasətindəki mümkün sərtləşmələrin siqnalı kimi də qəbul edilir.

Tramp administrasiyası yanvar ayında humanitar və müvəqqəti məskunlaşma proqramlarının dayandırılması barədə göstərişlər vermişdi. Bu, xüsusilə Ukraynadan olan qaçqınlara yönəlmiş əsas təşəbbüsü də əhatə edir.

Hazırda ABŞ-da minlərlə ukraynalı müharibədən qaçaraq humanitar müdafiə hüququ ilə yaşayır. Onların gələcəyi isə bu cür texniki səhvlər və dəyişən siyasi şərait fonunda getdikcə daha çox qeyri-müəyyənləşir. /BX Live BLOG/