Beş il əvvəl “Science Advances” jurnalında yayımlanan araşdırmaya görə, 2070-ci ilə qədər Yer kürəsinin bəzi bölgələri həddindən artıq istilər səbəbilə insan yaşayışı üçün yararsız hala gələ bilər. Araşdırmada bildirilir ki, temperatur 35°C-dən yuxarı qalxdıqda və rütubət də yüksək olduqda insan orqanizmi özünü soyuda bilmir. Bu vəziyyət isə ölümcül risklər yaradır.
Başlanğıcda yüksək riskli bölgələr arasında yer almayan Braziliya da artıq təhlükə altındadır. NASA-nın son bloq paylaşımında bu ölkə “ən həssas bölgələrdən biri” kimi qeyd olunub. Məşhur klimatoloq Karlos Nobre xəbərdarlıq edir: “Əgər qlobal temperatur sənaye dövründən əvvəlki səviyyədən 4°C yuxarı qalxarsa, yalnız tropiklər deyil, hətta mülayim iqlim qurşağının bəzi hissələri də insansız qala bilər.”
Əvvəllər bu cür ekstremal iqlim dəyişikliklərinin 100-200 il ərzində baş verəcəyi düşünülürdü. Lakin artıq “The Nature Conservancy” təşkilatının məlumatına görə, bu ssenari 30-50 il kimi daha yaxın bir dövrdə reallaşa bilər.
Xüsusilə Amazon bölgəsində vəziyyət kritikdir. NASA-nın proqnozlarına əsasən, 2041-2044-cü illər arasında bölgədə orta temperaturun 2°C yüksələcəyi gözlənilir. Bu da quraqlıq, güclü küləklər, genişmiqyaslı yanğınlar və meşələrin savanna ekosistemlərinə çevrilməsi kimi fəlakətli nəticələrə səbəb ola bilər. Belə bir ssenaridə atmosferə 250 milyard tona qədər karbon qazı buraxıla bilər ki, bu da Paris Sazişinin müəyyən etdiyi 1,5°C limitinin 75%-nə bərabərdir.
Böyük şəhərlər də təhlükəsiz deyil. San-Paulu və Rio-de-Janeyro kimi meqapolislər artıq “istilik adası effekti” adlanan fenomenlə üzləşir. Bu effekt nəticəsində şəhərlərdəki temperatur ətrafdakı yaşıl ərazilərlə müqayisədə 5°C-yə qədər daha yüksək olur.
Alimlər və beynəlxalq təşkilatlar təcili tədbirlərin görülməsini vacib hesab edir. Əks halda, dünya əhalisinin böyük bir hissəsi üçün yaşayış şərtləri yaxın onilliklərdə ciddi şəkildə dəyişə bilər.