11 dəqiqəlik ölüm - Cənnət və cəhənnəmi gördüm, bədənimin üstündən özümü izləyirdim"

ABŞ-da yaşayan 68 yaşlı Şarlotta Holms qeyri-adi təcrübəsi ilə gündəmə gəlib. O, adi bir ürək müayinəsi zamanı qəfil halı pisləşdikdən sonra 11 dəqiqə müddətində klinik olaraq ölü hesab olunub. Lakin ayıldıqdan sonra verdiyi açıqlamada, həmin zaman ərzində cənnət və cəhənnəmi gördüyünü iddia edib.

Hadisə zamanı qan təzyiqi 234/134-ə qədər yüksələn Şarlottaya xəstəxanada qalması tövsiyə olunub. Təcili müdaxilə zamanı onun ürəyi dayanıb və həkimlər "kod" çağıraraq reanimasiya tədbirlərinə başlayıblar.

“Bədənimin üstündən özümü izləyirdim”

"Bizimxeber" bildirir ki, "The 700 Club"a verdiyi müsahibəsində Şarlotta deyib: “Mən bədənimin üstündə idim. Onların döş qəfəsimə masaj etdiklərini, ərimin küncdə dayandığını görürdüm. Ən gözəl çiçəklərin ətrini hiss etdim və musiqi eşitdim. Gözlərimi açanda cənnətdə olduğumu bildim.”

O bildirib ki, cənnətdə mərhum valideynləri və bacısını, eləcə də "müqəddəsləri" görüb. Onun sözlərinə görə, onların hamısı 30 yaşlarında görkəmdə idilər, eynək taxmırdılar və sağlam görünürdülər.

Daha sonra Şarlotta ömrünün bir mərhələsində hamiləlik zamanı itirdiyi övladı ilə də cənnətdə qarşılaşdığını deyib: “O, körpə idi. Mən 5 ay yarımlıq hamilə ikən onu itirmişdim. Səmavi Atam mənə dedi ki, bu, sənin oğlundur. Cənnətdə uşaqlar böyüyür, lakin əbədiyyətdə zaman yoxdur.”

Cənnət səfərindən sonra Şarlottaya cəhənnəm də göstərilib: “Aşağı baxdım, çürük ətin qoxusunu hiss etdim və oradan gələn dəhşətli qışqırıqları eşitdim. Cənnətin gözəlliyindən sonra bu mənzərə dözülməz idi. Mənə dedilər ki, bəzi insanlar yollarını dəyişməsələr, bura onların yaşayacağı yerdir”.

Şarlotta iddia edir ki, səmavi atası ona “qayıtmağa və bu gördüklərini paylaşmağa vaxtın var” deyərək, onu dünyaya geri göndərib. Ayılarkən o, yenidən ağrını və bu dünyaya aid hissləri yaşadığını bildirib.

Əri Denni onun həmin an gözlərini qırpdığını və həkimlərin təəccüb içində olduğunu xatırlayır. Həmin andan etibarən, Şarlotta həyatını tamamilə dəyişdiyini və bu təcrübəni insanlara ilahi bir xəbərdarlıq kimi çatdırmaq istədiyini bildirir.